SİYASƏT
Xındırıstan kənd sakini: Qəhrəman hərbçilərimizdən qələbə müjdəsi gözləyirik FOTO



Ağdam, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ermənistan silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmaqda davam edir.
AZƏRTAC-ın cəbhə bölgəsinə ezam olunmuş müxbiri xəbər verir ki, düşmən oktyabrın 2-də gecə saatlarından başlayaraq rayonun işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub. Rayonun təmas xəttinə yaxın məsafədə yerləşən kəndləri ilə yanaşı, təmas xəttindən uzaqda olan Quzanlı, İmamqulubəyli, Birinci Alıbəyli qəsəbələri, Xındırıstan, Paşabəyli kəndləri də atəşə məruz qalıb. Nəticədə kənd və qəsəbələrdə sakinlərə məxsus yaşayış evlərinə, yardımçı binalara, təsərrüfatlara ziyan dəyib.
Düşmənin yaşayış məntəqələrini intensiv atəşə tutmasına baxmayaraq, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Ağdamlılar Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.
Xındırıstan kənd sakini Araz Cəfərov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: "Gördüyünüz kimi, xain düşmən həm bizim kəndi, həm də digər kəndləri atəşə tutur. Ancaq sakinlər kənddədirlər. Çünki bilirik ki, qarşıda güclü ordumuz var. Bu ordu tezliklə düşmən üzərində qələbə çalaraq, işğal altındakı torpaqlarımızı azad edəcək. Biz hamımız ordumuzla qürur duyur, qəhrəman hərbçilərimizdən qələbə müjdəsi gözləyirik".