İQTİSADİYYAT
® “Kapital Bank” “Uşaqların internet təhlükəsizliyi” layihəsində iştirak edib
“Kapital Bank”, sosialyönümlü fəaliyyətinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin tövsiyələrinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilən “Uşaqların internet təhlükəsizliyi” layihəsi çərçivəsində yaradılan “Valideyn-internet təhlükəsizliyi və nəzarət” proqramına (kidsafe) dəstək göstərib. Layihə əsasında uşaqların internetdən daha təhlükəsiz istifadə etməsi üçün xüsusi tətbiq hazırlanıb, istifadəyə verilib.
Bu münasibətlə noyabrın 1-də “Kapital Bank” ilə dövlət komitəsi arasında memorandum imzalanıb. İmzalanma mərasimində “Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova iştirak edib.
“Son illər rəqəmsallaşma tendensiyaya çevrilib və hamı bu istiqamətdə müəyyən işlər görür. Amma bu zaman uşaqların təhlükəsiz internetdən istifadəsini də unutmamalıyıq. Bunu nəzərə alıb, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Uşaqların təhlükəsiz interneti” layihəsində iştirak etdik. Proqram təminatı uşaqların internet məkanında müdafiəsinə, həmçinin onların daxil olduğu elektron səhifələr və sorğular barədə valideynlərin məlumatlandırılmasına xidmət edir. Hesab edirəm ki, sadalanan problemlərin aradan qaldırılması, uşaqların inkişafına və təhsilinə müsbət təsir göstərəcək”, - deyə, “Kapital Bank”ın idarə heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, yeni tətbiqi “www.kidsafe.az” saytından yükləmək olar. Uşaqların proqramdan istifadəsi zamanı keylogger sistemi işə düşəcək və onların daxil olduqları veb-saytlar, proqramlar, həmçinin digər məlumatlar qeyd edilərək, valideynə ötürüləcək.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün “www.kapitalbank.az” saytına, “196” Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.