"Azerspace-1" peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir
Bakı, 25 iyul, Xatirə Cəfərova, AZƏRTAC
"Azerspace-1" peykinin resurslarının 66 faizi kommersiya yönümlü istifadədədir. Dünya peyk xidmətləri bazarına daxil olduğu ilk illərdə potensial müştərilərin cəlb edilməsi və peykin yerləşdiyi orbital mövqenin tanıdılması məqsədilə "Azerspace-1" peykinin satışları rəqabətli qiymətlərlə həyata keçirilir. 2013-cü ildən kommersiya fəaliyyətinə başlamış "Azerspace-1" peyk tutumlarından istifadəyə görə “Azərkosmos” ASC-yə təxminən 27 milyon ABŞ dolları həcmində vəsait daxil olub.
AZƏRTAC-ın “Azərkosmos”un mətbuat xidmətinin rəhbəri Fidan Behbudovaya istinadən məlumatına görə, ASC-nin növbəti illərdə bu satış həcmi artırılacaq və gəlirlərin illik həcminin artmasına səbəb olacaq.
Qeyd edilib ki, əlverişli orbital mövqedə ( 46˚ Şərq uzunluğu) yerləşən "Azerspace-1" telekommunikasiya peyki vasitəsilə dünyada milyonlarla insan informasiya və rabitə xidmətlərindən geniş istifadə imkanları əldə edir. Fəaliyyət göstərdiyi bu illərdə ilk peykimiz Mərkəzi Asiya, Avropa və Afrikanın 50-dən artıq ölkəsini birləşdirən kosmik məkanda mühüm rol oynayır. Güclü strateji tərəfdaşlıqlar üzərində qurulan operativ fəaliyyət və müştəri məmnuniyyətinin əsas götürüldüyü iş prinsipləri "Azərkosmos" ASC tərəfindən təhlükəsiz və etibarlı peyk rabitə xidmətləri göstərməklə layihəni kommersiya nöqteyi-nəzərindən region ölkələri üçün daha cəlbedici edir.
Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2017-ci ildə ikinci telekommunikasiya peyki "Azerspace-2"ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır.