"Neftçi" klubu MOİK-ə, "Murov" isə "Ekspress"ə qalib gəlib
Bakı, 23 fevral, AZƏRTAC
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında ikinci dövrənin növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” İdman Olimpiya Mərkəzində baş tutan çempionatın yeddinci turuna “Neftçi”-MOİK matçı ilə start verilib.
Birinci dövrədə MOİK klubuna məğlub olan “Neftçi” ikinci görüşdə revanş alıb. İlk hissədə 25:13 hesabı ilə qalib gələn Pərviz Səmədovun komandası növbəti setlərdə də rəqibindən səhvsiz oynayaraq qarşılaşmanın hesabını rəsmiləşdirib - 3:0 (25:13, 25:14, 25:16).
Günün ikinci qarşılaşması “Ekspress” və “Murov” komandaları arasında olub. “Murov” bu görüşü 3:0 (25:19, 25:18, 25:12) hesabı ilə qalib gələrək turnir cədvəlində liderliyə yüksəlib.
Beləliklə, bu turdan sonra “Murov”un 14, “Neftçi”nin 13, MOİK-in 12, “Ekspress”in isə 3 xalı olduğu halda, yeddinci turda istirahət edən “Sərhədçi” komandası xalsızdır.