"Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olur
Bakı, 28 iyul, AZƏRTAC
"Azercell Telekom" MMC-nin ötən ildən həyata keçirdiyi “Siqaretsiz həyat daha gözəldir” sosial layihəsi sağlam həyat tərzinə dəstək olur. İyulun 24-dən 27-dək sosial layihənin şüarı altında iki gənc - Adil Məmmədli və Rüfət Nəcəfov Bakıdan respublikanın şimal sərhədinədək qaçış edərək siqaretə “yox” deyib.
Şirkətdən AZƏRTAC-a verilən məlumata görə, Bakı-Şabran-Quba-Qusar-Samur buraxılış məntəqəsi istiqamətində marafon qaçışı edən gənclər bu təşəbbüslə hər il dünyada minlərlə insanın ölümünə səbəb siqaretdən uzaq durmağa səsləyib. "Azercell" bu təşəbbüsün telekommunaksiya dəstəkçisi olaraq həmin müddət ərzində gənclərə yaxınları ilə həm sərbəst şəkildə rabitə əlaqəsi qura bilməsinə, həm də GPS və mobil internetin digər xidmətlərindən yararlanmasına yardım edib.