"Sputnik"in mobil tətbiqi artıq Azərbaycan dilində
Bakı, 23 iyul, AZƏRTAC
iOS və Android platformaları üçün nəzərdə tutulmuş "Sputnik"in mobil tətbiqi artıq Azərbaycan dilində də mövcuddur.
"Sputnik"in mətbuat katibliyindən AZƏRTAC-a bildirilib ki, bu tətbiq smartfon istifadəçilərinə 7 gün 24 saat xəbər izləməyə, şəkillərə baxmağa və müxtəlif dillərdə radio dinləməyə imkan verir. Azərbaycan dilindən başqa, bu tətbiq həmçinin serb, ingilis, italyan, polyak, abxaz, portuqal, Çin, yapon, alman, fransız, hind, qırğız, türk, Vyetnam, Belarus, dari, Danimarka, Koreya, kürd, Norveç, puştu, fars, fin, İsveç, urdu, ərəb, gürcü və rus dillərində mövcuddur. Yeni tətbiqi "App Store" və "Google Play"dən pulsuz yükləmək mümkündür.
Günün xəbər mənzərəsindən əlavə, "Sputnik"in tətbiqinin istifadəçiləri ekspertlərin aktual mövzulara şərhlərini oxuya, təhlil və infoqrafika ilə tanış ola bilərlər. Müvafiq servisin köməyi ilə istənilən xəbəri dərhal sosial şəbəkələrdə paylaşmaq mümkündür. "Sputnik"in yeni məhsulunda ən müasir yanaşmalar tətbiq edilib, interfeys sadə və rahatdır, müxtəlif ayarlar isə bütün iOS və Android platformalı istifadəçilərin maraqlarını nəzərə almağa imkan verir. Tətbiq iOS 6.0 və Android 4.0 və daha yeni versiyalı əməliyyat sistemləri ilə işləyən bütün müasir smartfonlarda çalışır.
“Sputnik” (sputniknews.com) onlarla ölkədə multimedia və informasiya mərkəzləri kimi fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Agentlik müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. "Sputnik" xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və Çin dillərində çıxır.