"Uşaq hüquqları aylığı" çərçivəsində tədbir təşkil olunub
Bakı, 17 noyabr, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində insan hüquqları üzrə müvəkkilin (ombudsman) təşəbbüsü ilə elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova uşaq hüquqları sahəsində qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tədbirlərdən, milli xüsusiyyətlərin yad təsirlərə məruz qaldığı qloballaşan əsrdə uşaqların milli dəyərlər əsasında düzgün tərbiyə olunması və sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verib.
G.Səfərova bildirib ki, BMT tərəfindən qəbul edilmiş bu saziş dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Uşaq Hüquqları Konvensiyasının 54 maddəsinin hər birində ayrı-ayrı hüquqlardan danışılır. Burada inkişaf, müdafiə, iştirak və yaşamaq hüquqları əhatə olunur.
Tədbirdə çıxış edən qeyri-hökumət təşkilatlarının rəhbərləri respublikamızda “Uşaq hüquqları aylığı” elan edildiyini, aylığın keçirilməsində məqsədin uşaqlara diqqətin artırılması, onların hüquqlarının qorunmasının vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, ölkəmizdə sosial sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri də uşaqların hüquqlarının təmin edilməsi, onların problemlərinin ardıcıl həll olunmasıdır.
Çıxışlardan sonra tədbir qarşılıqlı diskussiya şəkilində davam edib.