Abdulla Şaiqin xatirəsi anılıb
Bakı, 24 fevral, AZƏRTAC
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük maarifçi və pedaqoq Abdulla Şaiqin anadan olmasının 145-ci ildönümü münasibətilə Fəxri xiyabanda yerləşən məzarı ziyarət edilib.
Bu bərədə AZƏRTAC-a Abdulla Şaiqin mənzil-muzeyindən məlumat verilib.
Bildirilib ki, ziyarət zamanı ədibin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülərək onun Azərbaycan ədəbiyyatına və milli maarifçilik tariximizə bəxş etdiyi misilsiz töhfələrdən bəhs olunub.
Muzeyin direktoru, ədibin nəvəsi Ülkər Talıbzadə Abdulla Şaiq yalnız qüdrətli qələm sahibi kimi deyil, həm də milli düşüncənin, ana dilinin və vətənpərvərlik ruhunun yorulmaz təbliğatçısı kimi xalqımızın yaddaşında yaşadığını söyləyib. Onun sözlərinə görə, ədibin zəngin ədəbi irsi bu gün də öz aktuallığını qoruyur, xüsusilə gənc nəslin mənəvi tərbiyəsində, milli kimlik şüurunun formalaşmasında mühüm rol oynayır.
Ülkər Talıbzadə babasının uşaqlarla necə böyük səbir və sonsuz məhəbbətlə işləməsindən söz açıb. Qeyd edib ki, Abdulla Şaiq ömrünü xalqın maariflənməsinə və milli-mənəvi dəyərlərin yaşamağına həsr etmiş böyük şəxsiyyət idi.
Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbi Tərcümə mərkəzinin sədri Əsəd Cahangir çıxış edərək Abdulla Şaiqin şeirləri ilə böyüdüyünü, onun əsərlərinin uşaqlıq və gənclik illərində dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını qeyd edib. Vurğulayıb ki, ədibin yaradıcılığı insanda vətənə, ana dilinə və milli-mənəvi dəyərlərə sevgi aşılayır.
Anım tədbirində digər çıxış edənlər də Abdulla Şaiq yaradıcılığından söhbət açıblar.
Tədbirin bədii hissəsində ədibin adını daşıyan 54 nömrəli tam orta ümumtəhsil məktəbin və “Vətən” yaradıcılıq dərnəyinin gənc istedadları Abdulla Şaiqin vətənpərvərlik ruhunda qələmə alınmış şeirlərini böyük həvəslə söyləyiblər.