“ABİTURİYENT” JURNALININ “HEYDƏR ƏLİYEV-85” XÜSUSİ BURAXILIŞI ÇAPDAN ÇIXMIŞDIR
AZƏRTAC xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbu orqanı olan “Abituriyent” jurnalının “Heydər Əliyev-85” adlı xüsusi buraxılışı çapdan çıxmışdır.
Jurnalın xüsusi buraxılışı xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin ölkəmizdə test üsulu ilə ali məktəblərə tələbə qəbulunun müsbət nəticələri barədə fikirləri ilə başlanır.
TQDK-nın sədri Məleykə Abbaszadənin “Gənclərimizin böyük qayğıkeşi” məqaləsində müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edilmiş, ulu öndərin təhsillə bağlı imzaladığı fərman və sərəncamların əhəmiyyəti diqqətə çatdırılmışdır.
M.Abbaszadə qeyd etmişdir ki, dahi rəhbərimiz Heydər Əliyev təhsil sisteminə həmişə cəmiyyət həyatının ən öncül, strateji əhəmiyyətli bir sahəsi kimi yanaşmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin respublikamız üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına daim böyük önəm verdiyini nəzərə çarpdıran TQDK-nın sədri öz məqaləsində ulu öndərimizin nurlu ideyalarının bu gün də uğurla həyata keçirildiyini bildirmişdir.
Xüsusi buraxılışda ulu öndərimiz Heydər Əliyevin təhsil işçiləri, o cümlədən TQDK-nın nümayəndələri ilə görüşləri barədə məlumatlar, fotoşəkillər, həmçinin, “Test sisteminə güclü dəstək”, “3 sentyabr 2001-ci il: Bilik yarışının öncülləri Prezident təqaüdü ilə mükafatlandırılır”, “30 avqust 2002-ci il: Prezident Heydər Əliyevin ali məktəblərə yüksək balla qəbul olunmuş gənclərlə görüşü” və digər mövzularda məqalələr də verilmişdir.
######
