İQTİSADİYYAT
ABŞ-Azərbaycan Ticarət Palatasının İKT üzrə ticarət missiyası Bakıya səfər edəcəkdir
Bakı, 11 noyabr (AZƏRTAC). Cari ilin dekabrında ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə ticarət missiyasının ölkəmizə səfəri gözlənilir.
AZƏRTAC USACC-ın rəsmi saytına istinadla xəbər verir ki, nümayəndə heyətinin tərkibinə ABŞ-ın aparıcı İKT şirkətlərinin 15-dən çox nümayəndəsi daxil olacaqdır.
Dekabrın 2-dən 5-dək davam edəcək səfər çərçivəsində informasiya, kosmik texnologiyalar, kibertəhlükəsizlik, o cümlədən İKT sahəsi üzrə ixtisaslaşan ABŞ-ın aparıcı şirkətləri yerli mütəxəssislərlə görüşəcəklər. Bundan əlavə, hökumət rəsmiləri və sənaye nümayəndələri ilə brifinq-görüşlərin də keçirilməsi nəzərdə tutulmuşdur.
Qurumun yaydığı məlumatda bildirilir: “Bu səfər sürətlə inkişaf edən İKT sektorunu araşdırmaq və bilavasitə Azərbaycan bazarı ilə tanış olmaq üçün ABŞ şirkətləri üçün ideal imkandır.
Azərbaycan və Xəzər regionunda biznes imkanları tədqiq edən mütəxəssislər hökumət tənzimləyiciləri, potensial tərəfdaşlar və distribüterlərlə danışıqlar aparmaq imkanı əldə edəcəklər. Eyni zamanda, Bakıda keçiriləcək “BakuTel 2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində ABŞ-Azərbaycan biznes forumu təşkil ediləcəkdir. Missiya, həmçinin sərgidə USACC stendində öz şirkət və məhsullarını reklam etmək imkanı əldə edəcəkdir”.