ABŞ-DA SEMİNARDA İŞTİRAK EDİRLƏR
Milli Təhlükəsizlik Nazirinin müavini Fuad İsgəndərov və Baş prokurorun birinci müavini Ramiz Rizayev Vaşinqtonda bir həftəlik səfərdədirlər. Onlar ABŞ-ın Ədliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən təşkil olunmuş “Terrorla mübarizədə leqal infrastrukturun yaradılması” mövzusunda seminarda iştirak edirlər.
Sayca üçüncü olan seminarın budəfədəki iştirakçıları Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistandır. Terrorla mübarizə və cinayət məcəlləsi ilə bağlı yerli qanunvericiliyin hazırlanmasında iştirak edən mütəxəssislər üçün nəzərdə tutulan seminarın məqsədi onları bu tipli qanunların əsasları, ABŞ-ın təcrübəsi ilə tanış etməkdir. Seminarda ABŞ-ın Ədliyyə Nazirliyinin, Dövlət Departamentinin, Federal Təhqiqat Bürosunun və digər qurumların nümayəndələri beynəlxalq terrorizmin ümumi meylləri, terrorizmə qarşı mübarizəyə dair beynəlxalq razılaşmalar və konvensiyalar, terrorizmin maliyyələşdirilməsinin qarşısının alınması və digər mövzularda mühazirələr oxuyurlar. Təmsil olunan ölkələrin yerli vəziyyəti nəzərə alınaraq, onların nümayəndələri ilə ayrıca müzakirələr aparılır.
Fuad İsgəndərov seminar çərçivəsində məruzə ilə çıxış edərək, terrorla mübarizədə Azərbaycanın təcrübəsindən danışmışdır. O, bildirmişdir ki, Azərbaycan hökuməti siyasi, iqtisadi, dini motivlərdən asılı olmayaraq, beynəlxalq terrorizmin bütün təzahürlərinə qarşı çıxış edir və onunla mübarizədə beynəlxalq səyləri tam dəstəkləyir. Qlobal terrorizmlə səmərəli mübarizə üçün ekstremizmə və separatizmə münasibətdə “ikili standartlar”dan əl çəkmək lazımdır. Heç bir dövlət qonşu ölkədə baş verənlərə göz yumaraq, öz ərazisində eyni fenomenlə mübarizə apara bilməz. Azərbaycan nümayəndəsi münaqişə zonalarının mövcudluğunu və işğal edilmiş nəzarətsiz ərazilərin terrorçu və kriminogen qruplar üçün münbit şərait yaratdığını, Dağlıq Qarabağ, Cənubi Osetiya kimi ərazilərdə separatçı rejimlərin beynəlxalq qanunları və insan hüquqlarını pozaraq təkcə yerli əhali deyil, qonşu ölkələr üçün təhlükə doğurduğunu vurğulamışdır. F.İsgəndərov xatırlatmışdır ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra beynəlxalq ictimaiyyətin anti-terror səylərinə ilk günlərdən qoşularaq, terrorla mübarizəyə dair BMT-nin 11 sənədinə, habelə 10 Avropa sənədinə qoşulmuşdur.
Ölkəmizdə bu istiqamətdə görülən konkret işlərdən danışan nazir müavini Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən terror fəaliyyətində əli olan 30-dan çox xarici vətəndaşın tutularaq ölkəmizdən ekstradisiya edilməsini bildirmişdir.
Seminar iyulun 19-da başa çatacaqdır.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton