Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib
Avropa İttifaqı (Aİ) İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, qərara əsasən, İspaniya Sabitlik və Artım Paktında nəzərdə tutulan milli istisna müddəasından (National Escape Clause) istifadə edərək müdafiə sahəsinə əlavə vəsait yönəldə biləcək.
Qərar dördillik müddəti əhatə edir və ölkəyə ümumi daxili məhsulun (ÜDM) maksimum 1,5 faizi həcmində əlavə fiskal çeviklik verir. Bununla belə, İspaniya digər büdcə xərcləri üzrə Aİ-nin maliyyə intizamı qaydalarına əməl etməyə və yenilənmiş iqtisadi idarəetmə çərçivəsinin tələblərini yerinə yetirməyə davam etməlidir.
Şura, həmçinin Avstriya, Belçika, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Polşa, Portuqaliya, Slovakiya və Sloveniyanın da analoji müraciətlərini təsdiqləyib.
Aİ qanunvericiliyinə görə, milli istisna müddəası üzv dövlətlərə onların nəzarətindən kənarda olan fövqəladə hallarda büdcə tələblərindən müvəqqəti kənara çıxmağa imkan verir. Yenilənmiş iqtisadi idarəetmə sistemi çərçivəsində ölkələr maliyyə qaydalarını pozmuş hesab edilmədən dövlət xərclərini artıra və ya daha yüksək büdcə kəsirinə yol verə bilərlər. Aİ bu mexanizmi Avropanın təhlükəsizliyinə təhdid yaradan geosiyasi gərginliklərin artması fonunda işə salıb. İttifaq hesab edir ki, mövcud vəziyyət Avropa müdafiə sənayesinin və müdafiə potensialının daha sürətli gücləndirilməsini zəruri edir.