CƏMİYYƏT
ABŞ-da xərçəng əleyhinə yeni preparatla müalicədən sonra bütün pasiyentlərdə şişlər yox olub
![ABŞ-da xərçəng əleyhinə yeni preparatla müalicədən sonra bütün pasiyentlərdə şişlər yox olub](/files/2022/2/1200x630/1655718105387851323_1200x630.jpeg)
Vaşinqton, 20 iyun, AZƏRTAC
ABŞ-da xərçəng əleyhinə yeni preparat üzərində aparılan kiçik sınaq onkologiya sahəsində böyük əks-səda doğurub.
AZƏRTAC xəbər verir ki, altı ay müddətində eksperimental müalicədən sonra tədqiqatın nəticələrinin dərc edildiyi vaxtda sınaqlarını bitirən düz bağırsağın erkən xərçəngi diaqnozu qoyulmuş 14 pasiyentin hər birində şişlər yox olub.
Sınaqların nəticələri “Yeni İngiltərənin tibb jurnalı” nəşrində dərc olunub. Kolorektal xərçəng sahəsində fəaliyyət göstərən tədqiqatçılar başqa növ xərçəng xəstəliklərinin də yeni müalicə üsullarına gətirib çıxara biləcək bu yeniliyi alqışlayırlar. Nyu-Yorkda yerləşən Sloun-Ketterinq adına Memorial Onkoloji Mərkəzin onkoloqu və tədqiqatın aparıcı müəllifi Andrea Çerçek deyib: “İnanmıram ki, kimsə indiyədək hər bir pasiyentdə şişin itməsini görmüş olsun”.
Düz bağırsaq xərçəngi xəstəliyi olan bütün pasiyentlər eyni genetik qeyri-bərabərliyə malik idi. Onların hər birinə xərçəng hüceyrələrinin spesifik zülalının təcridi üçün nəzərdə tutulan “Dostarlimab” preparatından venadaxili 9 doza yeridilib. Bu zülalın ekspressiyası nəticəsində immun sistemi xərçənglə mübarizədə öz reaksiyasını dayandıra bilər. Pasiyentlərin vəziyyəti 6 həftə, 3 ay, 6 aydan, daha sonra isə kliniki sınaqlar başa çatdıqdan sonra hər 4 aydan bir PET (pozitron emissiya tomoqrafiyası) və düz bağırsaq biopsiyasının köməyi ilə qiymətləndirilib. Pasiyentlərin bir hissəsində kənar təsirlər - daha çox səpki, tez yorulma və ürək bulanması müşahidə olunub. Bir nəfərdə qalxanvari vəzinin funksiyasının pozulması aşkarlanıb.
Nəticələr düz bağırsaq xərçənginin müalicəsi üçün pasiyentlərin həyatında dəyişikliklərə gətirə biləcək çox şey vəd edir.
AZƏRTAC-ın Vaşinqton bürosu