ABŞ-dakı qazma qurğularının sayı azalır
Bakı, 8 iyun, AZƏRTAC
Birləşmiş Ştatlardakı aktiv neft-qaz qazma qurğularının sayı azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 17 ədəd azalaraq 284 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Qazma qurğularının sayı ardıcıl 13-cü həftədir ki, azalır. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 677 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 16 ədəd azalaraq 206 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 583 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd azalaraq 76 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 110 ədəd azalıb. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma - 316-ya düşüb.