DÜNYA
ABŞ-dan Rusiyaya yeni koronavirusun ştammı gətirilib
Bakı, 14 aprel, AZƏRTAC
ABŞ-dan Rusiyaya yeni koronavirusun ştammı gətirilib. AZƏRTAC "RİA Novosti"yə istinadla xəbər verir ki, ştamm üçün bəyannaməni Tomsk gömrüyü tərtib edib.
İdarənin mətbuat xidmətindən deyiblər: "Rusiya şirkəti "2019-nCoV" koronavirus infeksiyasının yayılmaması üzrə tədbirlər çərçivəsində vaksin yaratmaq məqsədi ilə tədqiqatlar aparmaq üçün ABŞ-dan Moskva regionuna virus zərrəcikləri idxal edib".
Gömrükdə bildiriblər ki, ştamm üçün sənəd Tomsk gömrüyünün elektron bildiriş mərkəzinə 2020-ci il aprelin 10-da elektron sənəd formatında təqdim olunub. Virus zərrəcikləri 23х0,6 həcmində flakonda yerləşdirilib və 88 qram gəlib. Daşınma və saxlanma üçün 2-8 dərəcə temperatur lazım olduğuna görə məhsul içərisi soyuq elementlərlə doldurulmuş termokonteynerdə yerləşdirilib. Yük konteynerlə birlikdə 4,5 kiloqram gəlib.
Gömrükdə deyiblər: "Qanunvericiliyə görə, bəyannamənin qeydə alınmasına bir saat, ertəsi gün malın buraxılmasına bir iş günü vaxt ayrılır. Tomsk gömrüyünün inspektorları bu növ məhsulların rəsmiləşdirilməsinin təxirəsalınmazlığını başa düşərək, bəyannaməni dərhal qeydə alıblar, bəyannamə doldurulan zaman əsas götürülən qadağa və məhdudiyyətlərin nə dərəcədə gözləndiyini yoxlayıblar və bir saatdan az müddətdə malı buraxıblar. Bu, Tomsk gömrüyündə virus zərrəcikləri barədə bəyannamə tərtib edilən ikinci haldır. İlk belə bəyannamə 2020-ci il yanvarın 30-da tərtib edilib".