SİYASƏT
ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın oğlu Azərbaycana gələcəkdir
Bakı, 18 aprel (AZƏRTAC). Cənubi Qafqaz Forumu çərçivəsində Dünya Azərbaycanlı Gənclər Birliyinin “Gələcəyin liderləri” mövzusunda keçirəcəyi panel iclasında iştirak etmək üçün ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqanın oğlu Maykl Reyqan Azərbaycana səfərə gələcəkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, panel iclasda ABŞ Prezidenti Corc Buşun nəvəsi Corc P. Buş, Robert F.Kennedinin oğlu Con Kennedi II, BMT baş katibinin xüsusi müşaviri xanım Nafis Sadik, Böyük Britaniya Kral Akademiyasının ilk və yeganə qadın rəhbəri Baronessa Suzan Qrinfild və Dünya Azərbaycan Gənclər Birliyinin sədri Ramin Məmmədov çıxış edəcəklər.
Panel iclasın moderatorluğunu Dünya Bankının sabiq birinci vitse-prezidenti İsmayıl Seragəldin edəcəkdir.
Mayın 6-8-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçiriləcək Cənubi Qafqaz Forumu dünyanın 60-dan çox ölkəsindən 400-dək beynəlxalq mütəxəssisi, 50-dən çox sabiq dövlət və hökumət başçısını bir araya toplayacaqdır.