“ANİMAFİLM Lənkəranda” festivalı yekunlaşıb
Bakı, 20 may, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilən “ANİMAFİLM Lənkəranda” adlı festival başa çatıb, qaliblər mükafatlandırılıb.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, festivalda ümumilikdə 900-dən çox azyaşlı və yetkinlik yaşa çatmış şəxs iştirak edib. Onlar 29 film izləyib, səsvermədə iştirak ediblər.
Tədbir çərçivəsində nümayişlərdən sonra tamaşaçılarla geniş müzakirələr təşkil olunub.
Festivalda, həmçinin Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov və Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev çıxış edərək layihə haqqında fikirlərini bölüşüblər. Qeyd edilib ki, “Azərbaycan Animasiya Assosiasiyası” İctimai Birliyi Azərbaycanda milli animasiya kino sənətinin inkişafına yardım etmək məqsədilə 2018-ci ildən etibarən Bakı şəhərində ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını keçirir. Ölkənin digər şəhərləri üçün nəzərdə tutulan bölmə “ANİMAFİLM festivalı regionlarda” adlanır. Bundan əvvəl “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində 2021-ci ildə “ANİMAFİLM Şəkidə”, 2023-cü ildə isə “ANİMAFİLM Naxçıvanda” tədbirləri reallaşıb.
“ANİMAFİLM Lənkəranda” festivalı çərçivəsində “Anidoc” adlı sənədli animasiya vörkşopu da keçirilib. Vörkşopu rejissorlar Nəzrin Ağamalıyeva və Elçin Hami Axundov aparıblar. İki gün ərzində 10 nəfər vörkşop iştirakçısına sənədli animasiya filmləri layihələrinin necə işlənib hazırlanması, təqdim və istehsal olunması öyrədilib.