ABŞ-ın Müdafiə Nazirliyi koronavirusla bağlı öz heyəti üçün təlimatlar nəşr edib
Vaşinqton, 4 fevral, AZƏRTAC
Pentaqon öz heyəti üçün yeni koronovirus potensial təhlükəsinin azaldılmasına istiqamətlənən təlimatlar nəşr edib.
AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Mark Esper öz bəyanatında deyib: “Mən bizim qüvvələrimizi virusun əlamətlərinin və simptomlarının tanınmasından ötrü onların qəbul etməli olduğu ehtiyat tədbirləri haqqında məlumatlandıran direktivi bəyəndim. Müdafiə Nazirliyi bizim qurumlararası tərəfdaşlarımızla sıx əməkdaşlığı davam etdirir. Biz vəziyyəti izləyirik, hərbi qulluqçularımızı və onların ailələrini qoruyuruq. Bu, mənim üçün ən vacib vəzifədir”.
Yeni koronavirus təhlükəsi səbəbindən ABŞ Dövlət Departamenti Çinə səfərlər üzrə tövsiyələri bu yaxınlarda 4-cü səviyyəyədək korrektə edib. Bu isə o deməkdir ki, ABŞ vətəndaşları ümumiyyətlə Çinə getməməlidirlər. Bundan başqa, Dövlət Departamenti tələb edib ki, ABŞ-ın bütün yardımçı hərbi heyəti yeni koronavirusa görə Çinə səfərləri təxirə salmalıdır. Bəyanatda deyilir ki, aidiyyəti coğrafi komandaların komandirləri öz qoşunlarına konkret göstərişlər verəcəklər. Xatırladaq ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri də səfərlər üzrə öz tövsiyələrini lazımi səviyyəyədək korrektə ediblər. Onlar hamıya Çinə hər hansı əhəmiyyətsiz səfərlərdən çəkinməyi məsləhət görürlər.
AZƏRTAC-ın Vaşinqton bürosu