ABŞ UNİVERSİTETLƏRİNİN ALİMLƏRİ AZƏRBAYCANDA ƏMƏKDAŞLIQ İMKANLARINI ARAŞDIRIRLAR
Oklahama Dövlət Universitetinin və Oklahama Universitetinin alim və tədqiqatçılarından ibarət iki qrupun Azərbaycana səfərindən əsas məqsəd ölkəmizdə enerji və kənd təsərrüfatı sahələri ilə yaxından tanış olmaq, əməkdaşlıq imkanlarını araşdırmaqdır.
İyunun 15-də Bakı Təhsil Məlumat Mərkəzində keçirilən mətbuat konfransında ABŞ səfirliyinin nümayəndəsi Kreq L.Ker bildirmişdir ki, səfər ABŞ Qoşunları Avropa Komandanlığının “Dövlət əməkdaşlığı” proqramı çərçivəsində baş tutmuşdur.
Kənd təsərrüfatı qrupunun üzvü, Oklahama Dövlət Universitetinin əməkdaşı Mark Vayzer aqrar sahədə yüksək texnologiyaların tətbiqində, yerli mütəxəssislərə təlimlərin keçirilməsində, texniki proqramların icrasında əməkdaşlığa hazır olduqlarını bildirmişdir.
Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün böyük imkanları qeyd edən enerji qrupunun üzvü, Oklahama Universitetinin nümayəndəsi xanım Yoana Volkşip bildirmişdir ki, onlar yerli mütəxəssislərin ABŞ-da təcrübə keçmələrinə yardım edə bilərlər.
Alimlər AMEA-da keçirdikləri görüşdə ölkəmizdə çoxlu sayda palçıq vulkanı olduğunu öyrəndiklərini, bu sahədə birgə tədqiqat aparmağa maraq göstərdiklərini açıqlamışlar.
Ümumiyyətlə, onların respublikamızda keçirdikləri görüşlərdə əməkdaşlıq barədə razılıq əldə olunmuşdur.