Abşeron rayonu əhalisinin 72 faizi müayinə olunmuşdur
Xırdalan, 16 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin əhalinin kütləvi surətdə tibbi müayinədən keçirilməsi haqqında tapşırığına uyğun olaraq Abşeron rayonunda da sakinlərin tibbi müayinəsinin mütəşəkkil qaydada təşkili üçün əvvəlcədən ciddi hazırlıq görülmüş, rayonun bütün kənd və qəsəbələrində olan tibb müəssisələrində lazımi şərait yaradılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda, eləcə də evdə olan yataq xəstələrində müayinələrin keçirilməsi üçün səyyar həkim briqadaları təşkil olunmuşdur.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Gülməmmədova AZƏRTAC-a bildirmişdir ki, indiyədək əhalinin 72 faizi tibbi müayinədən keçmişdir. Müayinədən keçən vətəndaşlara ambulator, stasionar müalicə təyin olunmuşdur.
Rayon əhalisi vətəndaşların sağlamlığının qorunmasına, xəstəliklərin erkən aşkarlanmasına xidmət edən bu kampaniyanı böyük razılıq hissi ilə qarşılayır və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.