Abşeron rayonunda görkəmli akademik Zərifə xanım Əliyevanın 102 illiyi qeyd edilib








Bakı, 28 aprel, AZƏRTAC
Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini dərin ehtiramla yad ediblər.
Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və şəhidlərin xatirələri bir dəqiqəlik sükutla anılıb.
Daha sonra akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Ölkəmizdə yayılmış bir çox göz xəstəliklərinin müalicəsində Zərifə xanım Əliyevanın böyük əzmi və fəaliyyətinin olduğunu söyləyən A.Fərzəliyev vurğulayıb ki, məhz onun sayəsində o dövr üçün aktual olan bir çox tibbi problemlər tamamilə həll olunub. Qeyd edilib ki, Zərifə xanım Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olmuşdur.
Deputat Rizvan Nəbiyev çıxış edərək bildirib ki, Zərifə xanım Əliyevanın tibb elminin inkişafında misilsiz xidmətləri olub. Ölkəmizdə çoxlu gənc alimlərin yetişməsində göstərdiyi elmi fəaliyyətdən söz açan deputat vurğulayıb ki, Zərifə xanım xeyirxah, humanist və ictimai xadim kimi xalqımızın yaddaşında qalıb və daim gözəl xatirələrlə anılır.
Deputat Zaur Şükürov qeyd edib ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınına nümunə ola biləcək sədaqətli silahdaş, gözəl ana, böyük oftalmoloq-alim olmaqla, özünün tibbi bilikləri ilə xalqımızın qayğısına qalıb.
Sonra çıxış edə Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova və Abşeron RİH yanında İctimai Şuranın sədri, Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası Xatirə İsmayılova Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən danışaraq onun oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar.
Tədbirin sonunda Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında bədii hissə təqdim olunub.