Abşeronlu könüllülərdən maraqlı təşəbbüs
Xırdalan, 1 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Müdafiə Nazirliyinin Abşeron rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülərin adından hərbi hissəyə Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid 500 kitab hədiyyə edilib.
AZƏRTAC xəbər verir ki, hər bir kitabın içərisində abşeronlu könüllülərin əsgərlərə yazdıqları məktublar yer alıb.
Əsgərlərlə görüşdə çıxış edən Abşeron Rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev və könüllülərin rəhbəri Şamo Əliyev aksiyanın mütəmadi olaraq davam edəcəyini, toplanmış kitabların müxtəlif hərbi hissələrə göndəriləcəyini diqqətə çatdırıblar.
Hərbi hissənin rəhbərliyi Abşeron gəncləri ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb, “Əsgərə kitab” aksiyasına görə minnətdarlığını bildirib.