ADAU-da Gənclər Gününə həsr olunan regional konfrans keçirilib
Gəncə, 30 yanvar, Elcan Məmmədov, AZƏRTAC
2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Azərbaycan Ağsaqqallar Şurası ilə birgə “Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlətin və sağlam cəmiyyətin təminatıdır” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə ilə yanaşı, ölkəmizin qərb bölgəsi – Qazax, Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux, Tovuz, Göygöl, habelə Kəlbəcər və Cəbrayıl rayonu üzrə Azərbaycan Ağsaqqallar Şurasının və gənclər təşkilatlarının rəhbər şəxsləri və üzvləri, ağsaqqallar, ziyalılar, şəhid valideynləri, gənclər, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin, kolleclərin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin sektor müdiri Yadigar Bədəlov gənclərin dövlətçilik ənənələrinə sədaqət ruhunda formalaşdırılmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, ağsaqqalların zəngin həyat təcrübəsinin gənc nəslin düzgün istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib.
ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov çıxışında universitetdə gənclərin intellektual, mənəvi və vətənpərvər ruhda yetişdirilməsinin prioritet istiqamət olduğunu bildirib. Həmçinin gənclik enerjisi ilə elmi-pedaqoji təcrübənin vəhdətinin cəmiyyətin davamlı inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov gənclərin fiziki və psixoloji sağlamlığının qorunmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib.
Gəncə Ağsaqqallar Şurasının sədri, professor Nurəddin Məmmədov çıxışında ağsaqqallıq institutunun milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsində əvəzsiz rol oynadığını vurğulayıb, bu cür tədbirlərin nəsillərarası dialoqu gücləndirdiyini bildirib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdətinin önəmindən söz açıb. Gənclərlə təlim, tərbiyə və maarifləndirmə işlərinin müasir dövrün çağırışlarına uyğun olaraq ailədə, orta və ali məktəblərdə aparılmasını günün tələbi olduğunu vurğulayaraq, bu prosesdə bütün cəmiyyətin yaxından iştirakını zəruri hesab edib. Bütün gəncləri qarşıdan gələn Gənclər Günü münasibətilə təbrik edərək, hər birinə mənəvi və fiziki sağlamlıq, təhsildə və fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə, həmçinin Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev, Gəncə şəhər Birləşmiş Xəstəxanasının nümayəndəsi Hadı Hüseynov, şəhid Araz Məmmədovun anası Nigar Məmmədova, Kəlbəcər Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini Zabit Xəlilov fikirlərini bölüşüblər.