ADAU-da şəhidlərimizin xatirəsi ehtiramla yad olunub
Gəncə, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 27 Sentyabr – Anım Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Dövlət Himni səsləndirilib.
ADAU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Əhməd Məlikov Anım Gününün xalqımızın yaddaşında xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətin ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra Vətən müharibəsi şəhidlərinin qəhrəmanlığından bəhs edən videoçarx nümayiş olunub.
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov və Gəncə Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Əli Həsənzadə şəhidlərin xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb, onların göstərdiyi qəhrəmanlığın Azərbaycan tarixində əbədi yaşayacağını bildiriblər.
ADAU-nun İctimai fənlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Çinarə Səfərova Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan xalqının milli iradəsi və həmrəyliyindən söz açıb, şəhidlərin həyat və döyüş yolunun gənc nəslə örnək olduğunu qeyd edib.
Ehtiyatda olan zabit, baş leytenant Kənan Məlikov Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin göstərdiyi şücaətdən danışaraq, döyüş yoldaşlarının qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu deyib.
Şəhid Rəşad Ələkbərovun anası Nailə Ələkbərova və şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidov övladlarının həyat və döyüş yolundan bəhs edərək, şəhidlərin əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.
Tədbirdə universitetin tələbələri Leyla Tağıyeva, Fatimə İsgəndərova, Xalidə Nəbiyeva və Ruslan Novruzəliyevin ifasında Vətənə, şəhidlərə və qəhrəman Azərbaycan əsgərinə həsr olunan şeirlər səsləndirilib.
Müxbir - Elcan Məmmədov