ADAU-da Zəfər Gününə həsr olunan tədbir keçirilib
Gəncə, 6 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən universitetin rektoru Zəfər Qurbanov bildirib ki, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşmənə diz çökdürüb, torpaqlarımızı işğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa edib. Tarixi ədalət bərpa olunub.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə torpaqlarımız cəmi 44 gündə azad edildi. Bu il isə antiterror tədbirləri zamanı Azərbaycan öz suverenliyini bərpa etdi. Artıq bayrağımız Xankəndidə, Xocalıda, Qarabağın hər yerində dalğalanır.
Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop da xalqımızı Zəfər bayramı münasibətilə təbrik edərək, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə yüksələn templə davam etdiyini deyib.
AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev və YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışlarında qeyd ediblər ki, Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin nəticələrini siyasi-diplomatik müstəvidə daha da gücləndirib, yeni uğurlara imza atıb.
Sonra Zəfər Gününə həsr olunan videoçarx nümayiş olunub.
Çıxış edən ADAU tələbələri - Vətən müharibəsi iştirakçısı Eşqin Bayramov, Həşim Həşimov və Ruhin Qasımov 44 gün davam edən döyüşlərdə rəşadətli Ordumuzun qəhrəmanlıqlarından söz açıblar.
Daha sonra tələbələr tərəfindən hazırlanan ədəbi-bədii hissə təqdim olunub. Bədii hissədə tələbələrin ifasında təqdim olunan vətənpərvər ruhda şeir və musiqi nömrələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sonda bir qrup Vətən müharibəsi iştirakçısı fəxri fərmanla təltif olunub.