ADAU ilə “TEG Agroservis” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb VİDEO
Gəncə, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “TEG Agroservis” MMC arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə tərəflər arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təhsil, elm və istehsalat əlaqələrinin gücləndirilməsi, müasir aqrar texnologiyaların tətbiqi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində fikir mübadiləsi aparılıb.
ADAU-nun rektoru Zəfər Qurbanov universitetin özəl sektorla əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. O bildirib ki, aqrar sahədə baş verən müasir dəyişikliklər ali təhsil müəssisələri qarşısında yeni tələblər formalaşdırır. Bu baxımdan tələbələrin nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanması, elmi-tədqiqat nəticələrinin istehsalata tətbiqi və aqrar müəssisələrlə birgə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
“TEG Agroservis” MMC-nin İdarə Heyətinin sədri Qənbər Suvanverdiyev çıxışında aqrar sahədə fəaliyyət göstərən şirkətlər üçün peşəkar kadrların hazırlanmasının və müasir texnologiyaların istehsalata inteqrasiyasının vacibliyini vurğulayıb. O, ADAU ilə əməkdaşlığın tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, istehsalatın tələblərinə uyğun kadrların hazırlanmasına, eləcə də aqrar sahədə yeni texnologiya və innovasiyaların tətbiqinə töhfə verəcəyini diqqətə çatdırıb.
Sonra ADAU-nun tanıtım çarxı nümayiş olunub.
Görüşdə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “TEG Agroservis” MMC arasında kənd təsərrüfatı, bitkiçilik, torpaqların mühafizəsi, aqrar texnologiyalar, təhsil, elm, innovasiya, kadr hazırlığı və əlaqəli sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb. Memorandum çərçivəsində birgə layihələrin həyata keçirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də aqrar sahədə müasir texnologiyaların tətbiqi istiqamətində birgə fəaliyyətin genişləndirilməsi nəzərdə tutulur.
Sonda qonaqlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin ADAU ilə tərəfdaşlığı çərçivəsində universitetdə yaradılmış Azərbaycan İnnovasiya Mərkəzi ilə tanış olublar.
Müxbir - Elcan Məmmədov