Adil Şükürov: “Səbail”lə müqaviləni uzatmaq planım yox idi
Bakı, 18 iyun, AZƏRTAC
“Səbail”lə müqaviləni uzatmaq planım yox idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Səbail"in baş məşqçi postundan ayrılan Adil Şükürov deyib.
Mütəxəssis bildirib ki, klubun yeni rəhbərliyi ilə müqavilənin uzadılması istiqamətində müzakirə aparılmayıb: “Müqaviləmiz artıq başa çatmışdı və bu məsələ ilə bağlı ümumiyyətlə danışığımız olmadı. Açığı, "Səbail"lə müqavilənin uzadılması fikrim də yox idi. Yeni rəhbərliklə bu barədə heç bir söhbət aparılmadı. Köhnə rəhbərliyə minnətdaram, mənə işləmək üçün şərait yaratdılar. Yeni rəhbərliyə də uğurlar arzulayıram. Futboldur, məqsəd Premyer Liqaya yüksəlmək idi, lakin bu alınmadı”.
Adil Şükürov mövsümün gedişinə də toxunaraq “Şəfa” ilə rəqabəti xatırladıb: “Birinci Liqada “Şəfa” ilə mübarizə aparırdıq. O dövrdə rəqibimiz daha güclü idi və çempionluğa layiq idi. Biz də əlimizdən gələni etdik, komandamı motivasiya etməyə çalışdım, amma nəticədə “Şəfa” daha yaxşı idi və Premyer Liqaya yüksəldi”.
O, mövsümün son turunu da xatırladıb: “Mingəçevir”lə son oyunda həm hakim səhvləri oldu, həm də öz oyunumuz istədiyimiz kimi alınmadı. Nəticədə məğlub olduq və pley-off şansımızı itirdik. Futboldur, belə hallar olur. Qismət belə imiş. Gələcəyə baxacağıq. "Səbail"in yeni rəhbərliyinə də uğurlar arzulayıram”.
Qeyd edək ki, “Səbail”i yeni mövsümdə Elnur Abdullayev çalışdıracaq.