ADİLƏ YUSİFOVA MUSİQİ DÜNYASINA DƏVƏT EDİR
AZƏRTAC xəbər verir ki, “Kapellhaus” Almaniya-Azərbaycan Mədəniyyəti Mərkəzində Azərbaycan Bəstəkarlar İttifaqının təşkilati dəstəyi ilə sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının (BMA) dosenti, BMA nəzdində xüsusi məktəb-studiyanın müəllimi, bəstəkar Adilə Yusifovanın konserti və onun iki diskdən ibarət musiqi albomunun təqdimatı olmuşdur. Mərasimdə A.Yusifovanın atası, tanınmış musiqiçi Niyazi Kərimov ilə birlikdə yazdığı “Azərbaycanda musiqi təhsilinin tarixi” və “Azərbaycan melodiyalarının işlənməsi və aranjirovkası” kitabları da təqdim edilmişdir.
“Adilə Yusifovanın musiqi dünyası” adlanan konsert A.Yusifova yaradıcılığının üç əsas istiqamətini - bəstəkarlıq, müəllimlik və tədqiqatçılığı əhatə etmişdi. Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynovanın sözlərinə görə, DVD-yə 1 il əvvəl BMA-nın opera studiyasında səhnələşdirilmiş “Sehrli sandıq” uşaq tamaşası köçürülmüşdür. A.Yusifova tamaşanın həm musiqi müəllifi, həm də bədii rəhbəridir. “Milli naxışlar” adlanan CD diskə bəstəkarın müxtəlif illərdə bəstələdiyi kamera-instrumental və vokal əsərləri daxil edilmişdir.
Tədbirdə BMA nəzdində məktəb-studiyanın direktoru, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov, şair Rəna Mirzəyeva, BMA-nın dosenti, sənətşünaslıq namizədi Cəmilə Həsənova A.Yusifova ilə birgə fəaliyyətlərindən danışmışlar.
Konsertdə əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Triosu (T.Babayeva, S.İbrahimova, H.Əliyarova), Opera və Balet teatrının solistləri (Fəridə Məmmədova və Fərid Əliyev) və digər iştirakçıların ifasında A.Yusifovanın “Paralellər”, “Req-Taym ruhunda” əsərləri, “Milli naxışlar” silsiləsindən fortepiano üçün pyesləri, mahnıları səslənmişdir.
Sonda təqdimat mərasiminin iştirakçılarına yeni disklərdən ibarət albomlar təqdim olunmuşdur.