ADİU-nun əməkdaşları Qazi Universitetində mühazirə oxumuşlar
Bakı, 14 noyabr (AZƏRTAC). Məlum olduğu kimi, 2013/2014-cü tədris ilindən başlayaraq Türkiyə Respublikası tərəfindən maliyyələşdirilən “Mövlanə Mübadilə Proqramı”nın icrasına başlanmışdır. Türkdilli ölkələrin ali təhsil müəssisələri arasında tələbə və professor-müəllim mübadiləsinin həyata keçirilməsini nəzərdə tutan proqrama Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) kifayət qədər fəal qoşulmuşdur.
ADİU-dan AZƏRTAC-a bildirmişlər ki, bu proqram çərçivəsində universitetin beynəlxalq münasibətlər kafedrasının dosentləri Diana Cəfərova və Solmaz Gözəlovanın ilk səfəri Türkiyənin Qazi Universitetinə olmuşdur. Səfər “Mövlanə Mübadilə Proqramı” çərçivəsində ADİU ilə Qazi Universiteti arasında imzalanmış protokol əsasında həyata keçirilmişdir.
Müəllimlərimiz Türkiyənin aparıcı ali təhsil ocaqlarından biri olan Qazi Universitetinin iqtisadiyyat və idarəetmə elmləri fakültəsinin beynəlxalq əlaqələr bölümündə iki həftə ərzində “qonaq professor” statusunda fəaliyyət göstərmişlər.
D.Cəfərova Qazi Universitetinin magistr və doktorantları qarşısında “Gender problemləri” və “Beynəlxalq münasibətlər nəzəriyyəsi” mövzularında (ingilis dilində), S.Gözəlova isə “Enerji diplomatiyası” mövzusunda (türk dilində) mühazirə oxumuşdur.
Bu proqramdan faydalanan ADİU-nun hər iki əməkdaşının fəaliyyəti Qazi Universitetinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək, onlara bu ali təhsil ocağının sertifikatı təqdim olunmuşdur.