ADNSU ilə Qazaxıstanın ali məktəbləri arasında əlaqələr genişlənir
Bakı, 14 may, AZƏRTAC
Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qazaxıstanın Ş.Esenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Əhmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə görüşdə tərəflər arasında əməkdaşlıq haqqına müqavilə imzalanıb.
M.Babanlı universitetin tarixi, beynəlxalq əlaqələri, tədris prosesi, elmi fəaliyyəti və ali məktəbin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında məlumat verib. ADNSU-da xarici ali məktəblərlə əlaqələrin inkişafına xüsusi önəm verildiyini deyən rektor tələbə və müəllim mübadiləsi istiqamətində bir sıra addımlar atıldığını vurğulayıb. Son dövrlərdə universitetdə həyata keçirilən islahatlar haqqında danışan M.Babanlı ADNSU-nun beş ixtisasının FIBAA tərəfindən Avropa Standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunduğunu diqqətə çatdırıb.
ADNSU-da olmaqdan məmnunluğunu bildirən Berik Əhmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verib. ADNSU ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən rektor tələbə-müəllim mübadiləsi, elmi sahədə və digər istiqamətlərdə əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.