ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq
Bakı, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schlumberger” şirkətinin Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə qazma qrupunun direktoru Ələkbər Haqverdiyev və “MMS Holdings Group” şirkətinin texniki direktoru, professor Oktay Məmmədbəyovla görüşüb.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə professor M.Babanlı universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, elmi işlər, mübadilə prosesi və yeni layihələrdən danışıb. ADNSU-da ingilis dilində ixtisasların tədrisinə geniş yer ayrıldığını diqqətə çatdıran rektor ali məktəbdə transfer texnologiyaları və startap sahəsində də əhəmiyyətli işlər görüldüyünü deyib.
Görüşdə müəssisələr arasında birgə tədris proqramlarının hazırlanması, universitetin laboratoriyalarının yenilənməsi, ADNSU tələbələrinin “Schlumberger”də istehsalat təcrübəsinə cəlb olunması, şirkətin mütəxəssislərinin universitetdə mühazirələr keçməsi və s. məsələlər müzakirə edilib.
Sonda ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlıq haqqında birgə plan hazırlanması barədə razılıq əldə olunub.