ELM VƏ TƏHSİL
ADU-nun Konfutsi İnstitutu yüksək mükafatlara layiq görülüb
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutu bu qlobal institutlar şəbəkəsinin yaradılmasının 20-ci ildönümünə həsr olunmuş “Ən yaxşı Konfutsi İnstitutu 2024” beynəlxalq videomüsabiqəsində iştirak edib.
Bu barədə AZƏRTAC-a Konfutsi İnstitutundan məlumat verilib. Qeyd olunub ki, müsabiqəyə 90 ölkədən 200-ə yaxın Konfutsi İnstitutundan 700-dən çox əsər təqdim edilib. Bir neçə mərhələdən ibarət imtahandan sonra müsabiqənin münsiflər heyəti 3 xüsusi mükafat, 15 birinci dərəcəli, 30 ikinci dərəcəli və 100 üçüncü dərəcəli mükafat təqdim edib. Pekində keçirilən mükafatlandırma mərasimində ADU-nun Konfutsi İnstitutu da daxil olmaqla, 35 institut Çin dili və mədəniyyətinin tədrisində mükəmməlliyə görə “Görkəmli Konfutsi İnstitutu” mükafatına, 20 müəllif isə “Konfutsi İnstitutunun istedadı” adına layiq görülüb.
ADU-nun Konfutsi İnstitutunun tələbəsi Kamil Bünyatova “Konfutsi İnstitutunun ustası” dərəcəsi verilib. Müəllimlər Çen Xiaozheng və Yang Xiaodan isə “Konfutsi institutlarının iyirmi illik gəncliyi” və “Çin dili - bahar və sevgi dili” adlı işlərinə görə mükafatlandırılıb.