AFFA BƏYANAT VERMİŞDİR
Bütün bu işlər əksər kütləvi informasiya vasitələri, o cümlədən AZƏRTAC, APA və “Olaylar” informasıya agentlikləri, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika”, “Olimpiya dünyası”, “Çempion”, “Şərq”, “525-ci qəzet”, “Futbol dünyası”, “Yeni Azərbaycan”, “EXO”, “Kaspi”, “Ədalət”, “İctimai” və başqa mətbuat orqanları tərəfindən son dərəcədə obyektiv və operativ olaraq ölkə ictimaiyyətinə çatdırılır. Lakin əfsuslar olsun ki, “Futbol+”, “Futbol+qol” və “Het-trik” qəzetləri son saylarında qərəzli yazılar dərc etməklə dezinformasiya yayırlar. AFFA-nın aprel ayının 26-da keçirilən X konfransında legioner limitinin azaldılması ilə bağlı səs çoxluğu ilə qəbul edilən qərara qərəzli münasibət bəsləyən bu qəzetlər reallığı təhrif etməklə məşğuldur. Belə ki, “Futbol+” qəzeti heç bir əsas olmadan AFFA İcraiyyə Komitəsinin növbəti iclasının iyulun 20-də keçirilməsini yazaraq legioner limitinin azaldılması ilə bağlı hansısa qərarın çıxarılacağını bildirmişdi. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəsmi mövqeyindən sonra da qəzet öz qərəzli mövqeyindən əl çəkməyərək bəzi klublarla AFFA arasında qarşıdurma yaratmağa cəhd etmişdir. Aparıcı klub rəhbərlərini AFFA ilə qarşıdurmaya təhrik edən yazılara geniş yer verən qəzetin hansı məqsəd güddüyü heç kimə sirr deyil.
“Karvan” klubu ilə bərabər bir neçə futbol klubunun da AFFA-nı boykot edəcəyini yazan “Het-trik” qəzetinin heç bir əsası yoxdur. Çünki həmin klubun baş məşqçisi Yunis Hüseynov “Futbol dünyası” qəzetinə verdiyi müsahibədə “Het-trik”in yazdıqlarını şayiə adlandırmışdı.
“Futbol+qol” qəzeti demokratik şəraitdə keçən AFFA İcraiyyə Komitəsinin iclasında səslənən müxtəlif səpkili fikirləri parçalanma kimi yazmaqla oxucuya yanlış məlumat verir. AFFA prezidentinin və baş katibinin Almaniyaya getdiyini qeyd etməklə qəzet növbəti dezinformasiyası ilə oxuculara yalan məlumat verir.
Bütün bunlar həmin qəzet əməkdaşlarının bir tərəfdən qərəzli mövqeyinin, digər tərəfdən isə savadsızlığının göstəricisidir. Belə ki, konfransın səs çoxluğu ilə qəbul etdiyi qərarın İcraiyyə Komitəsində ləğv edilməsini yazmaq, İcraiyyə Komitəsinin üzvü olmayan şəxsin komitənin iclasında iştirak edib-etməyəcəyini soruşmaq, klublar adından heç bir əsas olmadan danışmaq, qeyri-obyektiv məlumatlar yaymaq, reallığı təhrif etmək yolverilməzdir. Həmin qəzetlər hər hansı bir məsələ ilə, o cümlədən legioner limiti ilə bağlı futbol mütəxəssisi kimi yetərincə tanınan Ələkbər Məmmədovun, Əhməd Ələsgərovun, Kazbek Tuayevin, Yaşar Babayevin, Valeri Hacıyevin, Vaqif Sadıqovun, Şahin Diniyevin və başqalarının fikirlərini öyrənmək əvəzinə, futbol aləmində naşı olanların tribunasına çevrilirlər.
Dövlət Proqramına əsasən, futbolun inkişafı üçün məqsədyönlü işlər görüldüyünü ictimaiyyətin nəzərinə bir daha çatdırmaqla həmin qəzetlərdə yazılan dezinformasiya xarakterli məlumatları kəskin surətdə pisləyir, futbol azarkeşlərini yalan informasiyalara uymamağa və növbəti dəfə bu qəzetləri obyektiv olmağa dəvət edirik.
AFFA-nın informasiya və ictimaiyyətlə
əlaqələr departamenti