Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasından 10 il ötür
Ağcabədi, 4 may, AZƏRTAC
Ağcabədidə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və rayon Heydər Əliyev Mərkəzinin fəaliyyətə başlamasının 10 ili münasibətilə tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsi önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad ediblər.
Rayon Mədəniyyət Mərkəzində davam edən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb. Rayon Heydər Əliyev Mərkəzinin Ulu Öndərin zəngin və çoxşaxəli irsinin təbliğində və öyrənilməsində mühüm rol oynadığını qeyd edərək, Mərkəzin fəaliyyətinin xalqımızın böyük oğlunun Azərbaycan naminə gördüyü işlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva Mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ulu öndər Heydər Əliyevin Ağcabədiyə səfərlərinə dair materialların toplanması üçün Mərkəzin nəzdində tədqiqat qrupu yaradılıb. Tədqiqat qrupunun iştirakı ilə ümummilli lider Heydər Əliyev ilə bağlı 43 foto, 2 disk, həmçinin dahi rəhbərin 1982-ci ildə Ağcabədiyə səfəri ilə bağlı kinolent toplanıb. Ulu Öndərin Ağcabədiyə etdiyi bütün səfərlərinə dair fotoşəkillər AZƏRTAC-ın, həmin səfərlərdən bəhs edən qəzetlərin surəti isə M.F.Axundzadə adına Milli Kitabxananın arxivindən əldə edilib. Hazırda Mərkəzdə “Tikiş”, “Toxuculuq”, “Maraqlar üzrə əl işləri”, “Rəsm”, “Xalçaçılıq”, “Həvəskar aktyorluq və bədii qiraət” və “Rəqs” kursları fəaliyyət göstərir.
Sonra Heydər Əliyev Mərkəzinin fəaliyyətində, Ulu Öndərin irsinin təbliği və inkişafı yolunda fəal iştirak edənlərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
Tədbirdə Heydər Əliyev Mərkəzinin fəaliyyətini əks etdirən film nümayiş olunub. Mərkəzin “Rəqs”, “Həvəskar aktyorluq və bədii qiraət” kurslarının üzvlərinin, uşaq incəsənət və Hacıbədəlli kənd uşaq musiqi məktəblərinin kollektivinin, “N” saylı hərbi hissənin əsgərlərinin ifasında mahnı və rəqslər alqışlarla qarşılanıb.