Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Silahlı Qüvvələr Gününə həsr olunmuş ümumrespublika seminarı keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a verilən məlumata görə, seminarda qurumun Bakı şəhəri və rayonlardakı müxtəlif klub və filiallarından idmançılar iştirak ediblər.
Seminar Azərbaycanda Braziliya ciu-citsu döyüş sənətinin banisi Taleh Həsənovun başçılığı ilə təşkil olunub.
Taleh Həsənov seminarın məqsədi və ümumi gedişatı barədə, həmçinin qara kəmər sahibləri və yeni qoşulan idmançılar haqqında məlumat verib.
Daha sonra ictimai birliyin prezidenti Aqil Acalov silsilə tədbirlərin tarixi günlərə həsr olunması və Silahlı Qüvvələr günü haqqında danışıb, bu yaxınlarda milli komandanın Avropa çempionatında 4-cü yeri tutması münasibətilə idmançıları təbrik edib.
Seminar Dövlət Himni və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsi ilə açıq elan olunub.
İdmançılar ustad Taleh Həsənov tərəfindən attestasiyadan keçirilərək müxtəlif kəmər dərəcələri ilə təltif olunublar.
Seminarın sonunda idmançılara əldə etdikləri yeni dərəcə kəmərləri təqdim edilib.