Ağcabədi rayonunun 64 mindən çox sakini müayinə olunmuşdur
Ağcabədi, 19 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov AZƏRTAC-a bildirmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn bu tədbirin mütəşəkkilliklə keçirilməsi üçün müvafiq komissiya yaradılmış, səhiyyə müəssisələrində iş qrafiki tərtib edilmişdir.
Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ötən il istifadəyə verilmiş və ən müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, 8 həkim briqadası tərəfindən kənd sahə xəstəxanalarında və həkim məntəqələrində də əhalinin tibbi müayinəsi həyata keçirilir. Qrafikə əsasən, indiyədək 64 mindən çox sakin müayinə olunmuşdur. Müayinələri əsasən terapevt, cərrah, oftalmoloq, ginekoloq, kardioloq, nevropatoloq, stomatoloq və digər mütəxəssislər aparırlar. Sakinlər daha çox böyrək, ürək-damar, qan təzyiqi, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər.
Müayinə olunmuş sakinlərdən 1733-ü ambulator, 409-u stasionar müalicəyə cəlb edilmiş, 226 nəfər respublikanın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Tərtib edilmiş qrafikə əsasən, növbəti səyyar müayinələr rayonun Muğanlı kəndində aparılmışdır.
Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının sağlamlığına diqqəti və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanmışdır. Müayinədən keçən kənd sakini Xosrov Quliyev həkimlərdən, yaradılan şəraitdən razılıq etmiş, dövlətimizin başçısına minnətdarlığını bildirmişdir.