AĞCABƏDİDƏ ÖTƏN İLİN YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, fevralın 15-də Ağcabədi Rayon İcra Hakimiyyətində 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoymuşlar.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycan daha da qüdrətlənmiş, siyasi sabitlik qorunub saxlanılmış, vətəndaş həmrəyliyinə, iqtisadi inkişafın sürətlənməsinə nail olunmuşdur.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişafın ölkənin hər bir bölgəsində olduğu kimi, Ağcabədi rayonunda da uğurla davam etdiyini bildirən Ş.Məmmədov qeyd etmişdir ki, hesabat ilində regionların sosial-iqtisadi inkişafı Dövlət proqramında nəzərdə tutulmuş tədbirlər müvəffəqiyyətlə həyata keçirilmişdir. 2007-ci ildə aparılan məqsədyönlü tədbirlər Ağcabədi rayonunun simasını əsaslı şəkildə dəyişərək onu abad diyara çevirmişdir.
Hesabat dövründə Ağcabədi şəhərində su kanal idarəsinin, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin, torpaq, su və bitki analizi laboratoriyasının, 82 saylı seçki dairəsi dairə seçki komissiyasının inzibati binaları, ticarət mərkəzi, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 3 mərtəbəli 24 mənzilli yaşayış binası istifadəyə verilmişdir.
Ağcabədi şəhərinin prospekt və küçələrində abadlıq-quruculuq işləri aparılmış, 82 ticarət, iaşə, xidmət obyekti tikilib istifadəyə verilmişdir.
Rayonda təhsil sisteminin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Kürdlər, Boyat kənd və 6 nömrəli şəhər orta məktəbləri üçün yeni məktəb binaları tikilmiş, bir sıra məktəb binaları əsaslı təmir olunmuşdur.
Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Hərəyə bir ağac əkək” təşəbbüsünə qoşulan ağcabədililər ötən il yolların kənarında 5 min ağac əkmişlər. Ümumiyyətlə, 2007-ci ildə Ağcabədi şəhərinin küçələrində, park və xiyabanlarında 25 min müxtəlif növ həmişəyaşıl ağac əkilmişdir.
Keçən il rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 114.841,5 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 52,2 faiz artmışdır.
Rayonda 16.455 hektar sahədən 61.748 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 1.188 ton çoxdur. Hesabat ilində kartof istehsalı 4.049 tona çatdırılaraq ötən illə müqayisədə 6,3 faiz çox olmuşdur. 792 hektar sahədən 9.607 ton tərəvəz yığılmışdır. Bu, əvvəlki illə müqayisədə 13,2 faiz çoxdur. Rayon üzrə 410 hektar sahədə bostan bitkiləri əkilmiş, əvvəlki illə müqayisədə məhsul istehsalı 1.722 ton artmışdır. Qaramalın sayı 120 baş artaraq 81.896 baş olmuşdur. Davarın sayı 532 baş artaraq 321.625 başa catdırılmışdır. Quşların sayı isə 502 baş artaraq 315.134 baş olmuşdur. Ət istehsalı 2006-cı illə müqayisədə 72 ton artaraq 8.963 tona çatdırılmışdır. Süd istehsalı 167 ton artaraq 48.014 ton təşkil etmişdir. Yumurta istehsalı 94 min ədəd artaraq 11.692 min ədədə çatdırılmışdır. Yun istehsalı əvvəki ilə nisbətən 5 ton artaraq 973 ton olmuşdur.
2003-cü ildən 2007-ci ilin sonunadək rayonda 21 məktəb binası tikilmişdir. Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İnformasiya Kommunikasiya Texnologiyaları ilə təminatı proqramına əsasən ötən il rayon məktəblərinə 296 ədəd kompyuter verilmişdir.
2007-ci ildə 2990 yeni iş yeri açılmışdır ki bunun da 1111 daimidir. 2007-ci ildə rayon məşğulluq mərkəzinə 488 nəfər vətəndaş müraciət etmiş, onlardan 380 nəfəri işlə təmin olunmuşdur.
İl ərzində Aran, Cəfərbəyli, Şərəfxanlı, Şahsevən, Təzəkənd poçt şöbələri tikilib istifadəyə verilmişdir.
Ağcabədi Telekommunikasiya Qovşağı tərəfindən 2006/2007-ci illərdə rayonun 26 kəndində, 1 qəsəbəsində elektron avtomat telefon stansiyası istifadəyə verilmişdir. Rayon mərkəzində ATS-in ümumi tutumu 2000 nömrə artırılaraq 3500 ədədə çatdırılmışdır.
Hesabat ilində Ağcabədi şəhərində uzunluğu 24,5 kilometr olan qaz kəmərinin çəkilişi başa çatmışdır. 2008-ci il yanvarın 17-də Prezident İlham Əliyevin rayona səfəri zamanı Ağcabədi şəhərinə təbii qaz verilməsi bərpa edilmişdir.
2007-ci ildə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun Hindarx qəsəbəsinə, Rəncbərlər, Poladlı, Sarıcalı, Taynaq, Yuxarı Qiyaməddinli, Mirzəhaqverdili, Yeni Qaradolaq və Boyat kəndlərində 10 ədəd subartezian quyusu qazılmışdır.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, nöqsan və problemlər də sadalanmış, onların həlli ilə bağlı vəzifələr göstərilmişdir. Çıxış edənlər bildirmişlər ki, ağcabədililər həmişə olduğu kimi, cari ildə də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən daxili və xarici siyasəti dəstəkləyirlər. Ağcabədililər qarşıdan gələn seçkilərdə İlham Əliyevə səs verəcəklər.
Yığıncaqda cari ildə görüləcək işlərlə əlaqədar tədbirlər planı müzakirə edilmiş və müvafiq qərar qəbul olunmuşdur.
Hesabat yığıncağında Prezidentin İcra Aparatının məsul işçisi Nuridin Hüseynov Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Arif Qaraşov, Milli Məclisin deputatları Tahir Rzayev və Aqil Abbas iştirak etmişlər.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.