Ağdaşda koronavirus pandemiyasına qarşı dezinfeksiya tədbirləri nəzarətdə saxlanılır
Ağdaş, 12 avqust, AZƏRTAC
Ağdaşda son vaxtlar COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi istiqamətində ciddi iş aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əhalinin kütləvi şəkildə vaksinasiyaya cəlb edilməsi ilə yanaşı, mütəmadi olaraq insanların daha sıx olduqları ərazilərin dezinfeksiyası da diqqət mərkəzindədir. Avqustun 11-də şəhərin Heydər Əliyev prospekti, Heydər Parkı, M.Ə.Rəsulzadə küçəsi və M.İsayev küçəsində yerləşən çoxmərtəbəli binaların ətrafı və giriş hissələri dezinfeksiya olunub.
Dezinfeksiya işləri rayon icra hakimiyyətində tərtib olunan qrafiq əsasında aparılır. Qrafika əsasən bu iş kənd yaşayış məntəqələrində də görüləcək. Bu məqsədlə kifayət qədər texnika, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri cəlb olunub.
Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi də diqqət mərkəzindədir.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 2000-i ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılmasının və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərinə icazə verilməsinin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.