Ağdaşda yeni uşaq bağçası istifadəyə verilmişdir
Ağdaş, 30 oktyabr (AZƏRTAC). Ağdaş şəhər 1 saylı uşaq bağçası üçün müasir tələblər səviyyəsində inşa olunan bina istifadəyə verilmişdir.
AZƏRTAC xəbər verir ki, Ağdaş rayon icra hakimiyyətinin sifarişi ilə “Azkomfort” MMC tikinti şirkəti tərəfindən inşa edilən uşaq bağçasının açılış mərasimində çıxış edənlər gənc nəslin, milli təhsilimizin inkişafına göstərilən dövlət qayğısından söz açmışlar. Ölkədə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən danışan natiqlər bildirmişlər ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində və Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu il Ağdaşda 7 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 5 yeni məktəbin inşasına başlanılmışdır.
Tədbir iştirakçıları ikimərtəbəli 55 yerlik körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsinin düzgün qurulması və onların dünya görüşünün artırılması, sağlamlığının qorunması üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. Çıxış edənlər yeni nəslin fiziki və mənəvi inkişafına göstərilən dövlət qayğısını, rayonda son bir ildə iki uşaq bağçasının müasir bina ilə təmin olunmasını yüksək dəyərləndirmişlər. Daha sonra binanın açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları uşaq bağçasına baxış keçirmişlər. Məlumat verilmişdir ki, hazırlıq qruplarında, yataq otaqlarında, mətbəxdə, musiqi və idman zalında, tibb otağında nümunəvi şərait yaradılmışdır. Məktəbəqədər müəssisə zəruri avadanlıqla, müasir istilik və elektrik sistemi, həmçinin ehtiyat su anbarı ilə təmin olunmuşdur. Həyətdə isə uşaq əyləncə vasitələri quraşdırılmış, yaşıllıq salınmışdır.