AZAL: Bakı-Şımkent marşrutu Avropa reysləri ilə əlverişli əlaqəni təmin edəcək
Şımkent, 17 iyun AZƏRTAC
Bakı-Şımkent marşrutu sərnişinlərə AZAL-ın geniş marşrut şəbəkəsinə Azərbaycanın paytaxtı vasitəsilə Avropa və digər beynəlxalq istiqamətlərə çıxış imkanı verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə AZAL-ın Mərkəzi Asiya üzrə satış nümayəndəsi Xəyal Qədimzadə Şımkentdə təşkil olunmuş turizm sənayesi nümayəndələri ilə görüşdə bildirib.
O, qeyd edib ki, yeni aviareysin açılması Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat, turizm və işgüzar əlaqələrin inkişafı baxımından əlavə imkanlar yaradacaq və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.
“Bakı-Şımkent uçuş cədvəli sərnişinlərə AZAL-ın müxtəlif beynəlxalq istiqamətlərə birləşdirici reyslərindən rahat istifadə etməyə imkan verəcək. Xüsusilə, yeni marşrut Avropanın Berlin, Milan, Paris və Praqa kimi şəhərlərinə səyahət etməyi planlaşdıranlar üçün əlavə imkanlar açır”, - deyə X. Qədimzadə bildirib.
Müxbir – Günel Alıyeva