BMT nümayəndəsi: Dünya daha çox qeyri-müəyyənlik, risk və mürəkkəb problemlərlə qarşı-qarşıyadır
Bakı, 17 iyun, AZƏRTAC
Bu gün dünya daha çox qeyri-müəyyənlik, daha çox risk və daha mürəkkəb problemlərlə qarşı-qarşıyadır.
AZƏRTAC xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Rifah şöbəsinin müdiri Mihoko Kumamoto İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində İslam İnkişaf Bankı İnstitutunun (IsDBI) təşkil etdiyi “İslam maliyyəsi vasitəsilə davamlı tərəqqiyə nail olmaq” mövzusunda İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumda çıxışı zamanı deyib.
O vurğulayıb ki, inkişaf üçün etimadın yaradılması və sistemli, strukturlaşdırılmış yanaşmanın tətbiqi qarşılaşdığımız müxtəlif çağırışların aradan qaldırılması baxımından son dərəcə vacibdir.
“Ənənəvi inkişaf problemləri ilə yanaşı, hamımızın bildiyi kimi, texnoloji transformasiya, sosial bərabərsizliklərin artması, iqlim böhranı kimi yeni və mürəkkəb problemlərlə də üzləşirik. Dayanıqlı İnkişaf Məqsədlərinə nəzər salsaq görərik ki, müəyyən edilmiş 169 göstəricinin yalnız 35 faizi üzrə məqsədlərə çatmaq yolundayıq. Bu isə o deməkdir ki, qlobal səviyyədə nəzərdə tutulan hədəflərdən əhəmiyyətli dərəcədə geri qalırıq”, - deyə Mihoko Kumamoto qeyd edib.