Ağstafa məktəblərində “Əsrlərin yadigarı” adlı tanıtım layihəsi həyata keçirilir
Ağstafa, 10 aprel, Famil Quliyev, AZƏRTAC
Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən abidələrin tanıdılması və öyrənilməsi məqsədilə rayonun bütün şəhər və kənd məktəblərində “Əsrlərin yadigarı” adlı tanıtım layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin məqsədi ulu əcdadlarımızdan bizə miras qalmış “Keşikçidağ” mağaralar kompleksinin ərazisində yerləşən tarixi, mədəni, memarlıq abidələrini ölkəmizin gələcək inkişafında iştirak edəcək gənc nəslə daha dərindən tanıtdırmaq və sevdirməkdir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəblərdə qurulan pavilyonlarda qoruq ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri sərgilənir. Pavilyonlar qoruğun şəkilləri əks olunmuş köynəklər, papaqlar, suvenirlər, qala və məbədin əl ilə daşdan yonulmuş maketləri, qədimiliyi özündə əks etdirən xalçalar, milli ornamentlər və rəsm əsərləri ilə bəzədilib. Monitor vasitəsilə qoruq ərazisində aparılmış arxeoloji qazıntılar, ekskursiya, tədbirlər və qoruğun abidələrindən ibarət slayd şou yayımlanır. Bununla yanaşı, tədbirlərdə qoruq haqqında çəkilmiş “Qədim yurdun daş kitabəsi” adlı filmin diski, buklet, flayer və diyircəkli qələmlər şagirdlərə hədiyyə edilir.
Abidələrimizin qorunması, öyrənilməsi və tanıdılması məqsədilə təbliğat işləri Ağstafa rayonunun 15-ə qədər şəhər və kənd orta məktəbində keçirilib və rayonun bütün orta məktəblərində davam etdiriləcək.