Ağstafada Beynəlxalq Gənclər Günü qeyd olunub
Ağstafa, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
1998-ci il avqustun 8-12-də Portuqaliyanın Lissabon şəhərində keçirilən beynəlxalq konfransda qəbul olunmuş müvafiq qərara əsasən, gənclərin nailiyyətlərini təbliğ etmək və cəmiyyətin bütün sahələrində onların iştirakına təkan vermək məqsədi ilə hər il avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beynəlxalq Gənclər Günü münasibətilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində icra hakimiyyətinin rəhbərliyi bir qrup yeniyetmə və gənclərlə görüşüb.
Tədbirdə respublika və beynəlxalq səviyyəli idman yarışlarında yüksək nəticələr əldə etmiş bir qrup ağstafalı gənc müvafiq fəxri fərman, diplom və hədiyyələrlə təltif olunublar. Təltif olunanlar öz növbəsində ölkəmizdə idmana, gənclərə göstərilən xüsusi dövlət qayğısına görə dərin minnətdarlıqlarını ifadə ediblər.