AĞSTAFADA DOQQUZ AYIN YEKUNLARI ŞURA İCLASINDA MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn müddəalarla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı geniş şura iclası keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Cümşüd Musayevin hesabat məruzəsində Prezident İlham Əliyevin dövlətimizə başçılıq etdiyi ötən dörd ildə görülmüş işləri konkret faktlarla diqqətə çatdırılmışdır. Məruzəçi Azərbaycan Prezidentinin fəaliyyətinin həm də regionların inkişafına xidmət edən kompleks tədbirlərin işlənib hazırlanması və uğurla həyata keçirilməsi ilə yaddaqalan hadisəyə çevrildiyini qeyd etmişdir.
Sonra natiq cari ilin doqquz ayı ərzində rayonda görülən işlərdən söhbət açaraq bildirmişdir ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” icrası ilə bağlı Ağstafa rayonunda 5738 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur. Görülmüş tədbirlər nəticəsində 2007-ci il oktyabrın 1-dək rayonda 4845 nəfər işlə təmin olunmuşdur ki, bu da Dövlət Proqramı üzrə işlə təmin olunması nəzərdə tutulanların 84,4 faizini təşkil edir. Cari ilin doqquz ayı ərzində 948 nəfər rayon sakini yeni iş yerləri ilə təmin olunmuşdur.
Dövlət Proqramına uyğun olaraq Gəncə-Qazax avtomobil yolunun yenidən qurulması ilə əlaqədar Ağstafa rayonunun başlanğıcından magistralın Qazax rayonunadək olan hissəsində əsaslı tikinti işləri başa çatdırılmışdır. Rayonlararası və rayondaxili yollarda 262 kilometr məsafədə təmir-bərpa işləri yerinə yetirilmişdir. Rayon üzrə ümumi məhsul buraxılışının həcmi 35686,2 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7356,1 min manat çoxdur. Sənaye məhsulunun həcmi 4891,4 min manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3183,8 min manat çox, kənd təsərrüfatı məhsullarının həcmi 16192,3 min manat, əvvəlki ilə nisbətən 811 min manat çox olmuşdur. Bu ilin doqquz ayında rayon üzrə orta aylıq əmək haqqı 104 manat 50 qəpik təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 47 manat 96 qəpik çoxdur.
Daha sonra natiq doqquz ayda rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində görülən işlərdən danışmış, Dövlət Proqramında nəzərdə tutulan işlərin uğurla davam etdirildiyini bildirmişdir.
Şura iclasında Prezidentin İcra Aparatının məsul əməkdaşı Habil Əzənmədov çıxış etmişdir.