Ağstafada Səməd Vurğunun 120 illik yubileyinə həsr olunan ədəbi-bədii gecə
Ağstafa, 10 iyul, AZƏRTAC
Ağstafa Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Seymur Orucov Prezident İlham Əliyevin Xalq şairinin 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamını sənətkarın ədəbi irsinə verilən yüksək qiymət, xalqın mənəvi mirasına və mədəni irsinə sadiqliyin bariz təcəssümü kimi dəyərləndirib. O, Sərəncama uyğun olaraq ölkəmizdə silsilə ədəbi-bədii tədbirlərin, elmi konfransların və xatirə gecələrinin təşkil olunduğunu diqqətə çatdırıb.
Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin Qazax filialının professoru Hüseyn Xəlilov, “Hüseyn Arif ədəbi məclisi”nin sədri, şair Saqif Qaratorpaq, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax bölməsinin ədəbi məsləhətçisi Mustafa Rasimoğlu, AYB üzvləri, şairlər Arif Musazadə, Gülsənəm Cəlilli və Tamella Poladlı şairin çoxşaxəli yaradıcılığından və əvəzsiz ədəbi irsindən geniş söz açıblar.
Mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında Xalq şairinin şeirləri və sözlərinə bəstələnmiş musiqi əsərləri səsləndirilib.
Müxbir -Ruslan Novruzoğlu