CƏMİYYƏT
Ağstafada tibb işçiləri peşə bayramlarını qeyd etmişlər
![Ağstafada tibb işçiləri peşə bayramlarını qeyd etmişlər](/files/2014/2/1200x630/1408712275580783484_1200x630.jpg)
Ağstafa, 17 iyun (AZƏRTAC, Famil Quliyev). 17 iyun - səhiyyə işçilərinin peşə bayramı münasibətilə Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində geniş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstləri düzərək xatirəsini ehtiramla yad etmişlər.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər son illər respublikamızda baş verən sürətli iqtisadi inkişafın bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdiyini bildirmişlər. Diqqətə çatdırılmışdır ki, bu dövrdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və digər genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə ölkədə 500-dən artıq tibb ocağı yeni tikilmiş və ya əsaslı təmir edilmişdir. Tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur. Dövlətimizin başçısının müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasını, onların ən müasir avadanlıqlarla təmin olunmasını, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunmasını, müalicəsini, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsini, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasını və səhiyyə sahəsində digər islahatların başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır.
Rayon mərkəzi xəstəxanasının baş həkimi İlham Mustafayev və digər çıxış edənlər Ağstafada səhiyyənin inkişafı sahəsində əldə olunan uğurlardan bəhs etmişlər.
Əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasında və səhiyyənin inkişafındakı xidmətlərinə görə bir qrup tibb işçisi rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmişdir.
Tədbir rayon bədii özfəaliyyət kollektivlərinin hazırladıqları konsert proqramı ilə yekunlaşmışdır.