Ağsuda Aprel döyüşləri şəhidinin adına tikilən bulaq açılıb
Ağsu, 10 noyabr, AZƏRTAC
Ağsu rayonunun Bico kəndində Aprel döyüşlərində şəhid olan xüsusi təyinatlıların giziri Fərəczadə Toğrul Habil oğlunun xatirəsinə tikilən bulağın açılışı olub. Açılış mərasimi noyabrın 10-da Toğrulun anadan olduğu gündə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğulub boya-başa çatdığı kəndin girişində inşa olunan bulağın açılışında rayon rəhbərləri, Toğrulun yaxınları, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər. Mərasimi kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev açaraq Toğrulun keçdiyi qısa, lakin şərəfli həyat yolundan danışıb. Vurğulayıb ki, 1993-cü il noyabrın 10-da dünyaya gələn Toğrul Aprel döyüşlərində Ermənistanın işğalçı qüvvələrinə qarşı xüsusi təyinatlıların giziri kimi mərdliklə vuruşub. Təəssüf ki, döyüş tapşırığını yerinə yetirərkən 2016-cı il aprelin 4-də şəhid olub. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif olunub.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov noyabrın 8-də Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıb, bu Qələbə ilə həm də Toğrul kimi şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.
Sonra bulağın üzərindəki örtük qaldırılıb.
Açılışdan sonra iştirakçılar şəhidin doğulub boya-başa çatdığı evə gediblər. Burada Toğrul Fərəczadənin xatirəsinə yaradılan muzeyə baxış olub. Fotolar, əşyalar barədə ətraflı məlumat verilib.
Sonda şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.