AĞSULULAR PREZİDENT İLHAM ƏLİYEVİN ƏTRAFINDA DAHA SIX BİRLƏŞƏCƏK, SOSİAL-İQTİSADİ SAHƏDƏ UĞURLARI ARTIRACAQLAR
AZƏRTAC xəbər verir ki, oktyabrın 30-da Ağsu Rayonu İcra Hakimiyyətində carı ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir. İdarə və müəssisə, xidmət təşkilatları rəhbərlərinin, icra nümayəndələri və bələdiyyə sədrlərinin, habelə sahibkarların iştirak etdikləri müşavirənin iştirakçıları ilk öncə şəhərin Heydər Əliyev adına mərkəzi meydanına gəlmiş, ulu öndərin əziz xatirəsini yad etmiş, abidəsi önünə gül-çiçək qoymuşlar.
Şura iclasında Ağsu Rayonu İcra Hakimiyyətinin başçısı Əflatun Rufiyevin məsələ ilə bağlı geniş hesabatı dinlənilmişdir. Məruzəçi diqqəti oktyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2007-ci ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının yekunlarına, iclasda ölkə başçısının proqram xarakterli çıxışının əsas müddəalarına cəlb etmişdir. Bildirmişdir ki, sosial-iqtisadi sahədəki uğurlar vaxtıilə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiq edir.
Sonra məruzəçi 2007-ci ilin doqquz ayında Ağsuda həyata keçirilən tədbirlərdən danışmışdır. Bildirmişdir ki, cari ilin doqqz ayında rayonda 640 nəfər işlə təmin olunmuşdur. Bunlardan 101 nəfəri yeni işə salınan və fəaliyyəti bərpa edilmiş müəssisələrdə çalışır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının qəbulundan sonra Ağsuda 5313 yeni iş yeri açılmışdır. İş yerlərinin 3067-si daimidir.
Rayonda təsərrüfatın ayrı-ayrı sahələrində əldə edilən nəticələri təhlil edən məruzəçi bu il taxıl istehsalında rekord göstəriciyə nail olunduğunu bildirmişdir. Cari mövsümdə rayon üzrə 27520 hektar sahədən 80 min tondan çox taxıl götürülmüş, hər hektardan məhsuldarlıq 29,1 sentnerə çatdırılmışdır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamı taxılçılıqla məşğul olan sahibkarlarda bu strateji sahənin inkişafına diqqət və marağı xeyli artırılmışdır.
Rayonda təsərrüfatın aparıcı sahələrindən olan heyvandarlıqda da xeyli artım əldə olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin doqquz ayında iribuynuzlu mal-qaranın baş sayı 315 baş, davarların sayı isə 3930 baş artmışdır. Müqayisə olunan dövrdə diri çəkidə 88 ton çox ət, 385 ton çox süd, 323 min ədəd artıq yumurta istehsal olunmuşdur. Rayonun Musabəyli kəndində fəaliyyətə başlayan “Şaban-Quşçuluq” MMC ötən müddətdə 25000 baş cücə yetişdirərək satmışdır.
Yerli sənaye sahələrində də intensiv inkişaf meyilləri davam edir. “Ağsu Konserv AM” MMC, “Miri Qrant” MMC, “Batabat” MMC və “Ağsu Şərab-3” ASÇ-nin istehsal etdikləri meyvə şirələri, şərab məhsulları və alkoqollu içkilər artıq respublikanın hüdudlarından kənarlarda satılır. Doqquz ayda sənaye məhsulları istehsalının həcmi 991 min manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən 265,5 min manat və ya 26,8 faiz çoxdur.
Sonra məruzəçi şəhərdə, eləcə də kəndlərdə aparılan tikinti-quruculuq və abadlıq işlərindən, yol infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Göstərilmişdir ki, təkcə bu il dairə seçki komissiyası, DSMF-nin rayon şöbəsi, rayon prokurorluğu üçün müasir standartlar səviyyəsində yeni inzibati binalar, Kalva kəndində xəstəxana və s. tikilmişdir. Şəhərin Vidadi, H.Aslanov, Ü.Hacıbəyov küçələrinə 41,8 min kvadratmetr yeni asfalt örtük salınmış, məcburi köçkünlərin məskunlaşdıqları Gürcüvan kəndinə yol, su xətti çəkilmişdir.
Sosial məsələlərin həlli, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yaxşılaşdırılması məsələləri barədə ətraflı danışan rayon İcra hakimiyyətinin başçısı əhalinin elektrik enerjisi, təbii qaz, su təchizatı, rabitə xidməti ilə bağlı vacib qayğılardan, bu sahədə görülmüş və görüləsi işlərdən bəhs etmişdir.
Şura iclasında ətraflı müzakirələr aparılmış, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Dəfələrlə belə bir fikir vurğulanmışdır ki, ağsulular Prezident İlham Əliyevin ətrafında daha sıx birləşməklə respublikamızın ictimal-siyasi, sosial-iqtisadi həyatında fəal iştirak edəcək, Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə bundan sonra da səylə işləyəcəklər.
Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış edərək rayonun sosial-iqtisadi inkişafının prioritet istiqamətlərindən, əhalinin həyat səviyyəsini yüksəltmək üçün qarşıda duran vacib məsələlərdən danışmışdır.
Şura iclasında Azərbaycan Respublikası Prezidenti İcra Aparatının məsul işçisi Niyaz Əliyev çıxış etmişdir. Natiq diqqəti Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqinin əsas müddəalarına yönəldərək, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı qarşıda duran təxirəsalınmaz vəzifələrdən söhbət açılmışdır.