AHİK-in nümayəndə heyəti Avstraliya İttifaqında səfərdədir
Bakı, 18 noyabr, AZƏRTAC
Avstraliya İttifaqının Melburn şəhərində Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) V Dünya Qurultayı keçirilir.
Qurultayda BHİK-ə üzv ölkələrin həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildirilib ki, ölkəmizi tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edir.
Avstraliya Həmkarlar İttifaqları Şurasının prezidenti xanım Mişel Oneil tədbirin açılış mərasimində çıxış edib, qurultayın işinə uğurlar arzulayıb.
BHİK-in baş katibi xanım Şaran Burrou son 4 ildə rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, tətbiq edilən yeniliklər barədə hesabat verib. Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş açılış mərasiminə onlayn qaydada qoşulub.
Qurultayın ikinci günü seçki hesablama komissiyasının tərkibi müəyyənləşib.
Sonra Plenar iclasda milli həmkarlar ittifaqlarının məruzələri dinlənilib.