Aİİ ilə Ahmad Dahlan Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə İndoneziyanın Ahmad Dahlan Universiteti arasında birgə elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolu imzalanıb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, protokolda iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, birgə layihələrin reallaşdırılması, professor-müəllim heyəti və doktorantlar üçün akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sənəddə tədris metodu üzrə elmi məlumatların ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilik mübadiləsi, universitetlərin alim və mütəxəssislərinin iştirakı ilə konfranslar keçirilməsi, tələbə mübadiləsi və digər məsələlər yer alıb.
Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatı və müsəlman ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Prorektor ali tədris müəssisəsinin məqsəd və vəzifələri, hədəfləri haqqında ətraflı məlumat verib. Aİİ-nin beynəlxalq əlaqələrə, xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlığın yaradılmasına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ali təhsil müəssisələri arasında elmi-pedaqoji və tədqiqat işlərinin aparılması sahəsində əməkdaşlıq protokolunun imzalanmasını əlamətdar hadisə kimi dəyərləndirib. İnstitutun tədris və təhsil istiqamətində apardığı işləri yüksək qiymətləndirən diplomat gələcəkdə təhsil sahəsində Aİİ ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib.
Ahmad Dahlan Universitetinin rektoru, doktor Kasiyarno M.Hum İlahiyyat İnstitutu ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı və maraqlı olacağını diqqətə çatdırıb. Universitet haqqında ətraflı məlumat verən rektor ali təhsil müəssisəsinin 50 ixtisas üzrə 11 fakültədə təhsil alan 27 min tələbəsi olduğunu qeyd edib. Kasiyarno M.Hum universitet və Aİİ arasında əlaqələrin qurulmasının qarşılıqlı faydasından bəhs edib.
Daha sonra qonaqlar Aİİ-nin kitabxanasını ziyarət ediblər.